Gənc əsgərlər arasında intellektual yarış keçirilib

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə gənc əsgərlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Oyunda muxtar respublikada fəaliyyət göstərən hərbi hissələrin əsgərləri iştirak edib.
Ümumilikdə 6 komandanın iştirakı ilə keçirilən intellekt yarışının nəticələrinə əsasən “Armada” (FHN) komandası birinci, “Bozqurdlar” (FHN) komandası ikinci, “Komendant” komandası (DİN - Daxili Qoşunlar) isə üçüncü yerə layiq görülüb. Qalib komandaya fəxri fərman və hədiyyələr təqdim olunub.
Bu cür intellektual oyunlar əsgərlərin dünyagörüşünün genişlənməsinə, zehni inkişafının stimullaşdırılmasına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.